BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycanda əhalinin əmanətlərindəki dedollarlaşma davam edir. Hazırda əhalinin əmanətlərinin yalnız 28 faizi xarici valyutadadır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.

O qeyd edib ki, cari ilin 10 ayında Azərbyacanda bank sektorunun aktivləri 14 faizdən çox artaraq 65 milyard manatı ötüb:

“Kredit portfelinin həcmi isə 14 faiz artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17 faiz artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin əmanətləri isə 15 faizə yaxın artaraq tarixi rekord – 18,7 milyard manata çatıb.
Son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2,2 dəfə artaraq 235 min nəfəri üstələyib.

Bank sisteminin dayanıqlıq göstəriciləri də yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sisteminin əsas göstəricisi olan kapitalın adekvatlıq əmsalı 17 faiz üzərindədir”.