BAKI, 24 noyabr. TELEQRAF
ABŞ-nin BMT-də keçmiş səfiri Nikki Heyli Donald Tramp administrasiyasını Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkəsini hədəfə almağa, bununla da İranın son maliyyə mənbələrini bağlamağa və müharibəyə son qoymağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
“Məsələ quru qoşunlarının göndərilməsi və ya bombardmanların həyata keçirilməsində deyil, əsas məsələ pul və neft axınını təmin edən sonuncu marşrutun bağlanmasıdır”, - diplomat deyib.
Heyli qeyd edib ki, maliyyə mənbələri kəsilərsə, Tehran artıq özünün proksi qüvvələrini maliyyələşdirə, ballistik raketlər və dronlar istehsal edə bilməyəcək.
Sabiq səfir ABŞ Maliyyə Nazirliyini qətiyyətli addımlar atmağa çağırıb.
O, Tramp administrasiyasının Çinin maliyyə şəbəkəsini hədəfə almaqdan çəkinməsinin səbəbini Pekində narazılıq yaratmaq qorxusu ilə izah edib. Nikki Heylinin sözlərinə görə, Çin İran naminə ABŞ-nin bank sisteminə çıxış imkanını itirmək istəməz:
“Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”.