BAKI, 18 noyabr. TELEQRAF
Dünyanın ən böyük tütün istehsalçılarından biri olan Britaniyanın “Imperial Brands” şirkəti siqaret satışlarının azalması səbəbindən əməkdaşlarının təxminən 20 faizini ixtisar edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, ixtisarlar ümumilikdə 4 600 əməkdaşı əhatə edəcək. Onlardan 2 100-ü bu il işdən çıxarılacaq, qalan iş yerləri isə onilliyin sonunadək ləğv ediləcək.
Baş ofisi İngiltərənin Bristol şəhərində yerləşən şirkətdə hazırda 25 min nəfər çalışır.
“Davidoff”, “Gitanes”, “Richmond” və “Rizla” brendlərinin sahibi olan “Imperial Brands” ixtisarlar hesabına 2030-cu ilədək xərclərini 320 milyon funt sterlinq (420 milyon dollar) azaltmağı planlaşdırır.
Məlumata görə, son bir ildə şirkətin satışları 1,5 faiz, əməliyyat mənfəəti isə 10,4 faiz azalaraq 3 milyard funt sterlinqə (4 milyard dollar) düşüb.
Qeyd edək ki, digər iri tütün istehsalçısı “British American Tobacco” da iyun ayında xərcləri azaltmaq məqsədilə dünya üzrə 9 min iş yerini ixtisar edəcəyini açıqlamışdı.