BAKI, 18 noyabr. TELEQRAF

ABŞ administrasiyası İranın Vaşinqtona mümkün hücum hazırlığına dair hər hansı əlamət görmür.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Manilada jurnalistlərə açıqlamasında bildirib.

“Bu məlumatları şərh etmək belə istəmirəm. Əgər söhbət kəşfiyyat məlumatlarından gedirsə, onlar məxfi olmalıdır. Əminəm ki, sistemlərimiz bu cür təhlükələri əvvəlcədən müəyyən etməyə imkan verir. Hazırda birbaşa təhlükə olduğunu düşünmürəm”, – Rubio vurğulayıb.

Qeyd edək ki, noyabrın 16-da CNN ABŞ kəşfiyyatına istinadən İranın Vaşinqtonda yüksəkvəzifəli rəsmiləri hədəf ala biləcək “çirkli bomba” partlayışı planlaşdırdığı barədə məlumat yayıb.

İran Xarici İşlər Nazirliyi isə iddiaları əsassız adlandıraraq ABŞ və İsraili ölkəyə qarşı yeni təcavüz üçün informasiya zəmini yaratmaqda ittiham edib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın Vaşinqtona hücum edəcəyi təqdirdə misli görünməmiş gücdə cavab zərbələri endiriləcəyini bəyan edib.