BAKI, 2 may. TELEQRAF
Qəhvə istehlakının uzunömürlülüyə və xroniki xəstəliklərin profilaktikasına müsbət təsiri elmi cəhətdən əsaslandırılıb. "Texas A&M" Universitetinin keçirdiyi araşdırma bu prosesin bioloji mexanizmini üzə çıxarıb.
Teleqraf xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Məlum olub ki, qəhvənin tərkibindəki birləşmələr orqanizmdə NR4A1 reseptorunu aktivləşdirir. Bu reseptor hüceyrə zədələnməsini azaldır, iltihab proseslərini tənzimləyir və toxumaların bərpasını dəstəkləyir.
Tədqiqat müəllifi Stiven Seyf bildirib ki, qəhvənin qoruyucu funksiyası birbaşa bu reseptorun fəaliyyəti ilə bağlıdır.
Araşdırma nəticəsində müəyyən edilib ki, sağlamlıq üçün əsas faydanı kofein deyil, qəhvənin tərkibindəki polifenol birləşmələr təmin edir. Bu səbəbdən həm kofeinli, həm də kofeinsiz qəhvə eyni dərəcədə effektiv hesab olunur.
NR4A1 reseptorunun aktivləşdirilməsi Altsheymer, Parkinson və digər metabolik xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Mütəxəssislər gələcəkdə bu mexanizm əsasında yeni müalicə metodlarının hazırlana biləcəyini vurğulayırlar.