BAKI, 18 noyabr. TELEQRAF
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda Qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnaməsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət baytarlıq rüsumu müəyyən edilib. Hər dəfə ödənişli əsaslarla şahadətnamələrin alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclərə səbəb olur ki, bu hal da heyvan mənşəli məhsulların maya dəyərinə, habelə satış qiymətlərinə təsir göstərir.
Sözügedən qiymət artımının qarşısını almaq məqsədilə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi məqsədəuyğun hesab olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.