BAKI, 14 dekabr. TELEQRAF
Bolqarıstanda arxeoloqlar 6200 il əvvəl yaşamış və yırtıcının hücumundan sağ çıxmış yeniyetmənin skeletini aşkar ediblər.
Teleqraf xəbər verir ki, skelet üzərində aparılan tədqiqat "Arxeoloji Elmlər" jurnalında dərc edilib.
Skelet qalıqları Struma çayı vadisindəki qədim yaşayış məskənində tapılıb. Arxeoloqlar burada Erkən Tunc dövrü və Neolit dövrlərinə aid məzarları araşdırıblar.
Skeletin təhlili zamanı alimlər kəllə və yuxarı bədəndə ciddi zədələr aşkar ediblər. Bu da iri yırtıcının güclü zərbəsi və ya dişləməsi ilə uyğun gəlir. Xüsusilə kəllə və sol əldə sınıqlar aydın görünür.
Gənc oğlan hadisədən sonra həftələrlə, bəlkə də aylarla yaşayıb və bu da bədəninin ağır xəsarətlərdən qismən sağalması üçün kifayət edib. Bu o deməkdir ki, o, yaxınlarından tibbi dəstək alıb. Çox güman ki, o, qidalanıb və gələcək təhlükələrdən qorunub.
Alimlər qeyd ediblər ki, bu cür hallar olduqca nadirdir: adətən, Paleolit və Neolit dövrlərində iri yırtıcıların hücumları ani ölümə səbəb olur və ya daha az görünən izlər qoyur. Məhz sağalmış yaralar icmanın yaralı fərdə dəstək verdiyini göstərir ki, bu da qədim cəmiyyətlərin təkcə fiziki deyil, həm də sosial komponentini əks etdirir.
Xəsarətlərin təhlili də göstərdi ki, hücum təsadüfi xəsarət deyil, o dövrdə Balkanlarda yaşayan və insanlar üçün ciddi təhlükə yaradan güclü və təhlükəli yırtıcılar olub.