BAKI, 15 noyabr. TELEQRAF
Yaxın Şərqdəki vəziyyət Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri vətəndaşlarının təhlükəsizliyini təhdid altına qoyub və qlobal logistikada fasilələrə səbəb olub.
Teleqraf xəbər verir ki, bunu Filippin Prezidenti Ferdinand Markos Manilada ASEAN-ın 49-cu sammitinin açılış mərasimində deyib.
O, mövcud çağırışlar sırasında geosiyasi gərginliyi və iqtisadi qeyri-müəyyənliyi xüsusi qeyd edib:
"Yaxın Şərqdəki hadisələr ASEAN vətəndaşları üçün təhlükə yaradıb, nəqliyyat əlaqələrini, enerji daşıyıcılarının və ərzaq təchizatını pozub. Görüşümüzü təxirə salmağı müzakirə etsək də, qətiyyətli cavab hazırlamaq üçün məhz indi birləşməli olduğumuz barədə konsensusa gəldik".
F.Markos ASEAN ölkələrinin süni intellekt, rəqəmsal iqtisadiyyat, dəniz təhlükəsizliyi, eləcə də insan alveri və kibercinayətkarlıq kimi transmilli təhdidlərə qarşı mübarizədə əməkdaşlığı gücləndirdiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 15-də Manilada işə başlayan ASEAN-ın 49-cu sammiti Filippin Prezidentinin sədrliyi ilə noyabrın 17-dək davam edəcək.