BAKI, 15 noyabr. TELEQRAF
Aarxeoloqlar və heykəltəraşlar Şotlandiya ərazisində yerləşən Roma imperatoru Antoninus Piusun monumental heykəlinin görünüşünü bərpa ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Live Science" portalı məlumat yayıb. Qızılı rəngdə olan heykəlin yalnız sağ ayağı qorunub saxlanılmışdı. Alimlər bütün heykəlin necə görünə biləcəyini müəyyən ediblər. Onun 1800 ildən də çox əvvəl niyə söküldüyü bilinmir.
Millsinqton Ayağı kimi tanınan qızılı tunc fraqment 1820-ci ildə torf bataqlığında aşkar edilib. Bu, ölkədə tapılan Roma imperatorunun monumental heykəlinin yeganə məlum nümunəsidir.
Heykəlin təxminən eramızın 140-cı ilində, Roma İmperiyasını 138-ci ildən 161-ci ilə qədər idarə edən Antoninus Piusun hakimiyyəti dövründə hazırlandığı güman edilir. Onun hakimiyyəti imperiya üçün nisbi sabitlik dövrü idi. Britaniyada imperator Romanın varlığını şimala doğru genişləndirməyə davam etdi; təxminən eramızın 142-ci ilində romalılar Şotlandiyada Antonin Divarı kimi tanınan müdafiə qurğusunun tikintisinə başladılar.
Heykəlin qorunub saxlanılan hissəsi onun nəhəng ölçü və yüksək keyfiyyətindən xəbər verir.
Lakin heykəlin taleyi hələ də sirr olaraq qalır. O, sadəcə zədələnməyib, sökülüb və bu prosesin şərtləri hələ də bəlli deyil. Bunun siyasi dəyişikliklər, imperatorun obrazının qəsdən məhv edilməsi və ya digər səbəblərdən qaynaqlandığı məlum deyil.