BAKI, 15 noyabr. TELEQRAF
Hindistanın Madhya Pradeş ştatında 35 yaşlı kişinin ağzında içərisinə bomba qoyulmuş şirniyyat partlayıb.
Teleqraf xəbər verir ki, bu barədə AFP yerli polisə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, cihaz vəhşi qabanları ovlamaq üçün nəzərdə tutulmuşdu.
Hadisə çərşənbə axşamı günü Dindori rayonunda baş verib. Rajendra Barautia digər kəndlilərlə birlikdə tonqal ətrafında oturarkən ona şirniyyat verilib. Bomba onun ağzında partlayıb.
Kişi ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis iki nəfəri həbs edib. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunur.
Müstəntiqlər hələlik partlayışın qəsdən törədilmiş qətl cəhdi, yoxsa qəddar bir zarafatın nəticəsi olduğunu müəyyən edə bilməyiblər.
Rasqulla adlı məşhur hind deserti şərbətə batırılmış ağartı məhsuludur. Yumşaq, dəyirmi toplar şəklində şirniyyat bütöv şəkildə yeyilir.
Hindistanın bəzi kənd yerlərində vəhşi qaban ovlamaq üçün istifadə edilən evdə hazırlanmış partlayıcı qurğular xəmir yumrularının içərisində gizlədilir. Heyvan onu dişlədikdə cihaz partlayır.
"Niyyətin öldürmək olub-olmadığını, yoxsa zarafat olub-olmadığını bilmirik. Bu, istintaq zamanı müəyyən ediləcək", - Sinqh deyib.