AĞDAM, 15 oktyabr. TELEQRAF
"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə ASAN xidmət, ASAN kommunal mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 892 müraciət qəbul edib.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir:
"Bu xidmətlərdən elektron qaydada istifadə imkanının yaradılması müraciət prosesini sadələşdirir, vətəndaşların vaxtına qənaət edir və xidmətlərə çıxış imkanlarını genişləndirir. Əsas məqsədimiz xidmət göstərməklə yanaşı, bu prosesin maksimum dərəcədə rahat olmasını təmin etməkdir. Bu baxımdan elektron müraciət imkanlarının genişləndirilməsi və xidmətlərin rəqəmsallaşdırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir".
İ.Yusifov deyib ki, ölkəmizdə dövlət və kommunal xidmətlərin vahid rəqəmsal platformalarda birləşdirilməsi istiqamətində mühüm addımlar atılır:
"Bu prosesdə "myGov" portalı vətəndaşların müxtəlif xidmətlərdən vahid məkanda yararlanması baxımından əhəmiyyətli rol oynayır. "Azərişıq" ASC-nin xidmətlərinin bu platformaya inteqrasiyası istehlakçıların elektrik enerjisi ilə bağlı məlumatlara çıxışını və müvafiq xidmətlərdən istifadə imkanlarını asanlaşdırır".