BAKI, 14 oktyabr. TELEQRAF
Yeni dəstək mexanizmləri çərçivəsində Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracında daşınma xərclərinin 70 faizədək hissəsinin qarşılanması, kiçik və orta ixracatçılara gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin kompensasiya edilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, Naxçıvanda istehsal olunan malların ölkənin digər ərazilərinə daşınma xərclərinin də 70 faizi ödənilir:
“Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması üçün Bakı və Abşerondan kənarda kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Kreditin əsas məbləğinə işğaldan azad olunmuş ərazilərimizdə 90 faizədək, digər regionlarda isə 50 faizədək dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. 27-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi də ilkin investisiya yükünün azaldılmasına xidmət edəcək”.