AĞDAM, 15 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC tərəfindən ümumilikdə 3 milyon 178 min 416 istehlakçı elektrik enerjisi ilə təmin olunub.

Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

R.Quliyevin sözlərinə görə, ölkə üzrə abonentlərin 2 milyon 979 min 37-si məişət, 199 min 379-u isə qeyri-məişət istehlakçılarıdır.

O, işğaldan azad olunmuş ərazilər üzrə statistikanı da diqqətə çatdırıb:

"Qarabağ və Şərqi Zəngəzur üzrə istehlakçıların ümumi sayı 16 min 922 nəfər təşkil edir. Bunlardan 14 min 896-sı məişət, 2 min 26-sı isə qeyri-məişət istehlakçısıdır".