BAKI, 15 oktyabr. TELEQRAF

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsinin qəbul olunması, eləcə də əməkdaşlıq və tərəfdaşlıq sahəsində sazişə dəstək verilməsi mühüm əhəmiyyət daşıyır. Bu bəyannamə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir, inklüzivliyi və rəqəmsallaşmanı təşviq edir”.

Teleqraf xəbər verir ki, bunu Vyetnamın vitse-prezidenti Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

O vurğulayıb ki, Vyetnam regiondakı münaqişələrin sülh danışıqları vasitəsilə həllinə çağırır. “Biz çoxtərəfliliyi və BMT-nin prinsiplərini dəstəkləməliyik. Fikir ayrılıqları BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsipləri əsasında həll edilməlidir. Ümumi çağırışların öhdəsindən gəlmək üçün səylərimizi gücləndirməli, kommunikasiya kanallarını qoruyub saxlamalı və risklərin qarşısını almalıyıq. Hərbi və təhlükəsizlik sahələrində, iqlim dəyişiklikləri ilə mübarizədə, eləcə də fövqəladə hallar və təbii fəlakətlərlə mübarizə istiqamətində səylərimizi birləşdirməliyik”.