BAKI, 15 oktyabr. TELEQRAF
Ukrayna Rusiyanın neft emalı zavodlarına hava zərbələrini bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezident bildirib ki, Ukrayna ABŞ-nin xahişi ilə üç gün ərzində Rusiyanın neft emalı zavodlarına hücumları dayandırsa da, qarşı tərəf bu müddətdə ölkənin enerji infrastrukturuna zərbələr endirməyə davam edib.
“Qadağa (neft emalı zavodlarına zərbələrə dair - red.) aradan qaldırılıb. Artıq bəsdir”, - dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, Kiyev “enerji atəşkəsi”nə əməl etməyə hazır olsa da, Rusiya Ukraynanın müəssisələrinə və enerji obyektlərinə hücumlarını davam etdirib: “Bu zərbələr nəticəsində yüz minlərlə ukraynalı elektrik enerjisiz qalıb”.
Zelenskinin sözlərinə görə, ABŞ daha çox “Patriot” raketləri tədarük edəcəyi təqdirdə Ukrayna Rusiyanın neft infrastrukturuna zərbələri dayandırmağa razılaşa bilər.
Ötən həftə baş verən hadisələrdən sonra Vaşinqtonla münasibətlərin bərpası perspektivlərini şərh edən Ukrayna lideri bunun özündən asılı olmadığını vurğulayıb: “Biz heç bir münasibəti pozmamışıq”.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 11-də bazar günündən etibarən Rusiya ilə Ukrayna arasında müharibədə enerji atəşkəsinin qüvvəyə mindiyini iddia edib. Ardınca Volodimir Zelenski belə bir razılaşmadan xəbərdar olmadığını bildirib. Amma Rusiya da Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə Kiyevin atəşkəsə hazır olduğunu təsdiqləyib.
Zelenski ABŞ Prezidentinin açıqlaması fonunda Ukrayna Silahlı Qüvvələrinə müvafiq əmrlərin verildiyini də bəyan edib.
Ukrayna lideri oktyabrın 14-də Rusiyanın bir gecə ərzində Kiyev və Xarkov vilayətlərində enerji və kritik infrastruktur obyektlərinə 39 ballistik raket, 120-dən çox zərbə dronu və digər döyüş sursatları atdığını açıqlayıb.