BAKI, 15 oktyabr. TELEQRAF
Sərhədlər və suverenlik heç vaxt güc tətbiqi ilə dəyişdirilməməlidir.
Teleqraf xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Kambocanın son təcrübəsi sülhün öz-özünə təmin olunmadığını, dövlətlərarası mübahisələrin isə dialoq, dinc vasitələr və beynəlxalq hüquq əsasında həll edilməli olduğunu göstərir.
Baş nazir Tailandla əldə olunan atəşkəsin qüvvədə qaldığını, lakin vəziyyətin hələ də mürəkkəb olduğunu söyləyib:
“İki ölkə arasında sərhədlərin demarkasiyası ilə bağlı razılaşmaların icra edilməməsi 2 400 kambocalının təhlükəsiz və ləyaqətli şəkildə evlərinə dönməsinə mane olur”.
Hun Manet Kambocanın mövcud ikitərəfli mexanizmlər çərçivəsində beynəlxalq hüquqa uyğun olaraq Tailandla həllini gözləyən məsələləri dinc yolla nizamlamağa sadiq qaldığını bildirib.
O, AQEM-in Asiyada dialoqun təşviqi, etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və konsensus əsasında qərarların qəbul edilməsi üçün mühüm platforma olduğunu da qeyd edib.