BAKI, 15 oktyabr. TELEQRAF

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, eləcə də Azərbaycanda iqtisadi sabitliyin, xalqın rifahının və əmin-amanlığın təmin olunmasına görə cənab İlham Əliyevə təbriklərimi və təşəkkürümü çatdırmaq istərdim”.

Teleqraf xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, AQEM əməkdaşlıq platforması kimi qarşılıqlı fəaliyyətin və etimadın möhkəmləndirilməsi üçün mühüm imkanlar yaradır.

“Təşkilata tamhüquqlu üzvlük böyük məsuliyyət və öhdəliklər yaradır. Bu, üzv dövlətlər qarşısında konstruktiv mövqe nümayiş etdirmək, cəmiyyətlərin rifahına töhfə vermək və əməkdaşlığı daha da inkişaf etdirmək vəzifəsi qoyur”, - o qeyd edib.