BAKI, 15 oktyabr. TELEQRAF
Belarus Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib, dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb:
“Hazırda beynəlxalq münasibətlərdə etimad ciddi çatışmazlığa çevrilib, münaqişə potensialı isə əhəmiyyətli dərəcədə artıb. Müharibələr insan tələfatına, ailələrin parçalanmasına, şəhərlərin dağıdılmasına və məcburi köçkünlüyə səbəb olur”.
İ.Sergeyenko qeyd edib ki, AQEM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün çoxtərəfli yanaşmaların hazırlanmasında mühüm rol oynayır: “Belarus müşavirənin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarla fəaliyyətinin əlaqələndirilməsini dəstəkləyir”.
Palata sədri bu əməkdaşlığın Avrasiyada vahid logistika marşrutlarının, ticarət imkanlarının, sənaye və iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcəyini söyləyib.
O, həmçinin maliyyə və investisiya əməkdaşlığı mexanizminin yaradılmasının, ərzaq təhlükəsizliyi və humanitar layihələr sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. İ.Sergeyenko Belarusun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq olduğunu vurğulayaraq, çoxqütblü dünya nizamına keçidin alternativinin olmadığını bildirib.
O, Azərbaycanın AQEM-ə səmərəli sədrliyini yüksək qiymətləndirib və Belarusun müşahidəçi dövlət kimi qurumun fəaliyyətinin genişləndirilməsinə töhfə verməyə hazır olduğunu deyib.