BAKI, 14 oktyabr. TELEQRAF

Sağlam rəqabət bazarlarda resursların daha səmərəli bölüşdürülməsinə, müəssisələrdə məhsuldarlığın və idarəetmə keyfiyyətinin yüksəlməsinə, innovasiya və yeni investisiyaların təşviqinə şərait yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov III Milli Rəqabət Forumunda çıxışında deyib.

O qeyd edib ki, bazara daxil olmaq üçün bərabər və açıq imkanların mövcudluğu yeni sahibkarlıq təşəbbüslərini genişləndirir, istehlakçılar üçün seçim imkanlarını artırır və iqtisadi artımın daha dayanıqlı əsaslar üzərində formalaşmasına xidmət edir:

“Bu baxımdan rəqabət mühitinin inkişafını qiymətləndirmək üçün bazarların nə dərəcədə açıq, səmərəli və investisiyalar üçün cəlbedici olduğunu, eləcə də rəqabətin iqtisadi fəaliyyətə real təsirini ölçmək vacibdir.

“Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirən göstəricilər sisteminin və rəqabət xəritəsinin hazırlanmasının nəzərdə tutulması da məhz rəqabət siyasətini ölçülə bilən nəticələrə və məlumatlara əsaslanan qərarverməyə bağlamağa xidmət edir”.