BAKI, 14 oktyabr. TELEQRAF
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bir neçə prioritet sahə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət III Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, prioritet sahələrə nəqliyyat və logistika, su infrastrukturu və idarəetmə, ətraf mühit və bərk tullantılar, İKT və rəqəmsal infrastruktur, turizm infrastrukturu, sosial infrastruktur, qida və kənd təsərrüfatı, eləcə də inteqrasiya olunmuş və sektorlararası dövlət-özəl tərəfdaşlığı layihələri daxildir.
Türkan Vüsət dövlət qurumlarının nümayəndələrini layihə təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim etməyə çağırıb. O, özəl investorların da öz təşəbbüsləri ilə layihələr təqdim edə biləcəyini qeyd edib.
Sektor müdiri vurğulayıb ki, dövlət-özəl tərəfdaşlığı Azərbaycan hökumətinin, Prezidentin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun xüsusi diqqət yetirdiyi mexanizmlərdən biridir. Onun sözlərinə görə, bu mexanizm sahibkarlıq fəaliyyəti və investorlar üçün əlverişli mühitin yaradılmasına, eləcə də bərabər və şəffaf satınalma proseslərinin həyata keçirilməsinə imkan verir.