BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycanda ötən il 6, bu il isə 3 layihənin dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrası Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Onlardan 4-nün icrasına artıq başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət III Milli Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, digər layihələrlə bağlı da investorlarla əlaqələrin qurulmasına, görüşlərə və ikitərəfli müzakirələrə başlanılıb.
T.Vüsət bildirib ki, Hövsan çirkab su təmizləyici qurğusunun yenidən qurulması və yeni qurğunun tikintisi ilə bağlı müsabiqə prosesinə başlanılıb:
“Sevindirici haldır ki, yaradılmış azad rəqabət mühitində 17-dən çox ölkəni təmsil edən 35-dən çox şirkət layihəyə maraq göstərib. Bu da açıq rəqabətin nəticəsidir.
Bizim ilk dövlət-özəl tərəfdaşlığı layihəmiz Xəzər dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsidir. Bu layihənin müqaviləsi ötən il qalib şirkət - Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə müqaviləni imzaladı. Hazırda maliyyə danışıqları davam etdirilir. Gündəlik 300 min kubmetr həcmində olan içməli su zavodu Azərbaycana qeyri-neft sahəsində en böyük investisiyaların cəlbi — 407 milyon ABŞ dolları həcmində investisiyanın cəlbi ilə yadda qaldı. Bu Azərbaycana texnika-texnologiyaların gətirilməsinə də böyük töhfə verdi. Bu bizim ilk dövlət-özəl tərəfdaşlığı layihəmiz, pilot layihəmiz hesab olunur”.
O əlavə edib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı apardığımız müfəssəl texniki-iqtisadi əsaslandırma zamanı hesabladığımız bir kubmetr suyun dəyəri azad rəqabət nəticəsində təqdim olunan təkliflərdə xeyli aşağı olub:
“Bu, azad rəqabətin dövlət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Özəl tərəfdaşlar nəzərdə tutduğumuz göstəricilərdən daha sərfəli təkliflər təqdim ediblər. Bizim marağımız daha çox investorun layihələrimizə cəlb olunması və azad rəqabət mühitinin yaradılmasıdır.
Gördüyünüz layihələr müxtəlif sahə və sektorları əhatə edir və kifayət qədər iri həcmə malikdir. Qeyd edim ki, dövlət-özəl tərəfdaşlığı layihələri üçün minimum hədd 30 milyon manatdır (təxminən 18 milyon dollar). Dünya təcrübəsində isə bu mexanizm çərçivəsində, əsasən, 100 milyon dollardan çox dəyəri olan iri infrastruktur layihələri də həyata keçirilir”.