BAKI, 14 oktyabr. TELEQRAF
Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun texnoloji və iqtisadi xüsusiyyətlərini nəzərə almaq vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov III Milli Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, elektrik enerjisi və təbii qazın ötürülməsi və paylanmasının təbii inhisar xarakteri, təchizatın fasiləsizliyi və sistem təhlükəsizliyi effektiv dövlət tənzimlənməsini zəruri edir:
“Buna görə də rəqabətin mümkün olduğu sahələrdə bərabər imkanların yaradılmasına, təbii inhisar fəaliyyətlərində isə şəffaflığa, səmərəliliyə və istehlakçı hüquqlarının qorunmasına üstünlük verilir.
Bu yanaşmanın həyata keçirilməsində aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti də mühüm rol oynayıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında məlumat mübadiləsi, araşdırmalar və tənzimləmə məsələləri üzrə əməkdaşlıq qanunvericiliyin effektiv tətbiqinə xidmət edib. Hesab edirik ki, bu əməkdaşlığın genişləndirilməsi mümkün qanun pozuntularının qarşısının alınmasına, bazar iştirakçılarının fəaliyyətində şəffaflığın artırılmasına və energetika sektorunda sağlam rəqabət mühitinin gücləndirilməsinə əlavə imkanlar yaradacaq”.