BAKI, 14 oktyabr. TELEQRAF
Sağlam rəqabət mədəniyyətinin formalaşdırılması üçün sahibkarların pozuntuları könüllü aradan qaldırması, qanunvericiliyin tələblərinə əvvəlcədən uyğunlaşması və Agentliklə açıq dialoq aparması xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov III Milli Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, eyni yanaşma təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinin əvvəlcədən qiymətləndirilməsində və iqtisadi təmərküzləşmələrin rəqabətə təsirinin araşdırılmasında da əsas götürülür:
“Qarşıdakı dövrdə sahəvi tənzimləyicilər, aidiyyəti dövlət orqanları, elmi ictimaiyyət və biznes assosiasiyaları ilə əməkdaşlığı genişləndirməklə bu mexanizmlərin daha səmərəli tətbiqinə çalışacağıq”, - deyə o əlavə edib.