BAKI, 15 oktyabr. TELEQRAF

İsrail Asiya ölkələri ilə texnologiya, elm, rəqəmsal əlaqələr, innovasiya, su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı, enerji, turizm, süni intellekt və səhiyyə sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, İsrail özünü Asiya qitəsinin bir hissəsi hesab edir və regionun inkişafına töhfə vermək niyyətindədir:

“İsrail region ölkələri ilə əməkdaşlığın gücləndirilməsində və birgə layihələrin həyata keçirilməsində maraqlıdır”.

İsrail Prezidenti sülhün terrorla, əməkdaşlığın isə boykotlarla bir arada mövcud ola bilməyəcəyini bildirib.

O, ölkələrin mövcudluqlarına qarşı təhdidlər olmadan azad və sülh şəraitində yaşamaq hüququna malik olduqlarını vurğulayıb.