BAKI, 15 oktyabr. TELEQRAF

Azərbaycanda sığorta sektorunun zərər əmsalında artım müşahidə olunur. Xüsusilə avtomobillərin icbari sığortası və avtonəqliyyat vasitələrinin sığortası üzrə göstəricilər yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, 2026-cı ilin ilk rübündə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 87% təşkil edib:

“Bu, ötən ilin eyni dövründəki 80%-lə müqayisədə 7 faiz bəndi çoxdur.

Tibbi sığorta üzrə zərər əmsalı isə ötən ilin ilk rübündəki 80%-dən bu ilin eyni dövründə 77%-ə enib.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə göstərici 48%-dən 55%-ə yüksəlib. Ümumilikdə, sığorta sektoru üzrə zərər əmsalı 2025-ci ilin ilk rübündəki 57%-dən 2026-cı ilin ilk rübündə 60%-ə çatıb”.