BAKI, 14 oktyabr. TELEQRAF
Asiya ilə Avropa arasında yerləşən Azərbaycan iki qitəni birləşdirməkdə öz rolunu oynayır.
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən Azərbaycan-Laos biznes forumunda deyib.
O bildirib ki, qlobal vəziyyət mürəkkəbləşdikcə, ölkələr və regionlar arasında əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edir.
"Azərbaycanın Laos ilə ikitərəfli əməkdaşlığının möhkəmlənməsi həmçinin ölkələrimizin çox tərəfli forumlarda qarşılıqlı fəaliyyətinə töhfə verəcək. Mühüm beynəlxalq vəzifələrin təşkil edilməsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa və davamlı inkişafa sadiqliyini göstərir. Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi investorlara uzunmüddətli inam bəxş edir. Ölkəmiz öhdəliklərinə sadiq qalan etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan insan kapitalına sərmayə qoyur, iqtisadiyyatın rəqəmsallaşdırılmasına və süni intellektə prioritet verir", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tərəfdaşları ilə iqtisadiyyatın müxtəlif sahələrində iri miqyaslı investisiya layihələrini uğurla həyata keçirib və bu uğurlar yenilərini sürətləndirir:
"Laos şirkətləri bu imkanlardan yararlanmağa dəvət olunur. Şirkətlər iş yerləri yaradır, yeni texnologiyalar tətbiq edir və gəlir gətirir. Güclü özəl sektor sabit məşğulluq, böyüyən orta təbəqə və bütün regionlar üzrə inkişaf deməkdir. Biznes icmalarımız arasındakı tərəfdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminik. Azərbaycanın qeyri-neft iqtisadiyyatı böyüməkdə davam edir. Özəl şirkətlər hazırda qeyri-neft sektorundakı bütün investisiyaların yarısından çoxunu təşkil edir. Azərbaycan sahibkarları güzəştli maliyyələşmə, kredit zəmanətləri, vergi və gömrük güzəştləri, habelə tənzimləyici dəstək ilə təmin edir".