BAKI, 15 oktyabr. TELEQRAF

“İsveçrə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dəstək verməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti və xarici işlər naziri İqnasio Kassis İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Kassis Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunduğunu qeyd edib.

O bildirib ki, İsveçrə sülh sazişinin paraflanmasından sonra müşahidə olunan müsbət dinamikanı və bölgədəki mövcud sülh şəraitini alqışlayır. Nazirin sözlərinə görə, bu nailiyyətlər həm Ermənistan və Azərbaycan, həm də bütövlükdə region üçün mühüm olan davamlı sülhə imkan yaradır. Kassis humanitar sahədə müəyyən çətinliklərin qaldığını da vurğulayıb.

O, hər iki ölkəni sülh sazişinin imzalanmasına və münasibətlərin faktiki normallaşmasına nail olmaq üçün addımları ləngitməməyə çağırıb.

Kassis əlavə edib ki, İsveçrə öz təcrübəsinə əsaslanaraq, tərəflər istək ifadə edəcəkləri təqdirdə bu prosesə dəstək göstərməyə hazırdır.