BAKI, 21 sentyabr. TELEQRAF
Asiyada yeni və bahalı meyvə sortlarının qanunsuz şəkildə başqa ölkələrə aparılması və çoxaldılması fermerlər və seleksiyaçılar üçün ciddi problemə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə CNN Yaponiyada və digər Asiya ölkələrində toxum, ting və bitki sortlarının qanunsuz yayılması ilə bağlı araşdırmasında yazıb.
Məlumata görə, Yaponiyanın Ehime prefekturasında təxminən 20 il ərzində yaradılmış “Beni Princess” adlı premium sitrus növünün Çində icazəsiz yetişdirilə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Çin elektron ticarət platformalarında bu sortun tinglərinin satışa çıxarıldığı bildirilir. CNN isə bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
Yaponiya daha əvvəl məşhur “Shine Muscat” üzüm sortu ilə bağlı oxşar problemlə üzləşib. Ölkə sortu xarici bazarlarda vaxtında hüquqi mühafizəyə götürmədiyindən hazırda Çin və Cənubi Koreyada bu üzüm geniş miqyasda yetişdirilir. Yaponiyanın kənd təsərrüfatı naziri Norikazu Suzuki bu səbəbdən ölkənin hər il təxminən 20 milyard yen – 127 milyon dollara yaxın royalti gəliri itirdiyini hesablayır.
CNN yazır ki, problem təkcə Yaponiyaya aid deyil. 2011-ci ildə ABŞ-də Çin vətəndaşı Mo Haylonq genetik modifikasiya edilmiş qarğıdalı toxumlarının oğurlanaraq Çinə göndərilməsi ilə bağlı iş üzrə istintaqa cəlb edilmiş, daha sonra ticarət sirlərini oğurlamaq məqsədilə sui-qəsddə təqsirli bilinərək 36 ay həbs cəzasına məhkum edilmişdi.
Yeni Zelandiyanın “Zespri” şirkəti də “SunGold” kivi sortunun Çində qanunsuz yetişdirilməsi ilə mübarizə aparıb. Məhkəmə çəkişmələri nəticəsində milyonlarla dollar təzminat qərarları çıxarılıb və Çində qanunsuz salınmış bağların məhv edilməsi tələb olunub.
Ekspertlər xəbərdarlıq edirlər ki, yeni sortların oğurlanması fermerlərin gəlirlərini azaltmaqla yanaşı, kənd təsərrüfatında innovasiyalara yatırılan investisiyaları da zəiflədə bilər. İqlim dəyişikliyi fonunda daha davamlı bitki sortlarının yaradılması isə gələcək ərzaq təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət daşıyır.