BAKI, 18 sentyabr. TELEQRAF

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 18-də Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin inzibati binasında Ağdam, Füzuli və Xocavənddə yaşayan vətəndaşlarla görüşüb.

Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.

Bildirilib ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.