BAKI, 18 sentyabr. TELEQRAF
Azərbaycanda 3 tam orta məktəbin tikintisi üçün ümumilikdə 20 milyon 313 min 491,14 manat vəsait ayrılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi üç açıq tender elan edib.
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə tenderin ehtimal olunan qiyməti 9 milyon 172 min 580,14 manatdır.
Bundan əlavə, Ağstafa rayonunun Poylu kəndində S.Məmmədov adına 432 şagird yerlik tam orta məktəbin tikintisi üçün 4 milyon 592 min 896,30 manat, Siyəzən şəhərində N.Əsədov adına 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin tikintisi üçün isə 6 milyon 548 min 14,70 manat vəsait nəzərdə tutulub.
Tenderlər üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 16-na təyin edilib.