BAKI, 17 sentyabr. TELEQRAF
Gələcəkdə əsas bacarıqlardan biri müxtəlif şəraitlərə uyğunlaşmaq və vəziyyətdən asılı olaraq düşüncə tərzini dəyişmək qabiliyyəti olacaq.
Teleqraf xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baku ID 2026” innovasiya festivalının açılışında çıxışında deyib.
O bildirib ki, avtomatlaşdırma, robototexnika və süni intellektin sürətli inkişafı fonunda gələcəkdə hansı bacarıqların tələb olunacağını dəqiq müəyyənləşdirmək çətindir:
“Bu baxımdan, təkcə peşə təhsili üçün deyil, ümumilikdə bütün səviyyələrdə əsas bacarıqlar nələr olacaq? Məncə, bu, adaptasiya bacarığı olacaq — müxtəlif şəraitlərə uyğunlaşmaq və fərqli vəziyyətlərdə fərqli şəkildə hərəkət edə bilmək”.
Onun sözlərinə görə, süni intellektdən həddindən artıq asılılıq müəyyən fundamental bacarıqların itirilməsinə səbəb ola bilər. E.Nəcəf qeyd edib ki, bəşəriyyət tarixində insanlar vaxtilə sahib olduqları bir sıra bacarıqları artıq itiriblər.
“Əgər tənqidi mühakimə və tənqidi düşünmə qabiliyyətini itirsək və bunları süni intellektə həddindən artıq həvalə etsək, bu, geri dönüşü olmayan bir prosesə çevrilə bilər. Çünki indiyə qədər itirdiyimiz bacarıqları artıq yenidən öyrənə bilmirik”, - o əlavə edib.
E.Nəcəf gələcək bacarıqların formalaşdırılmasında şirkətlərlə yanaşı universitetlərin, Elm və Təhsil Nazirliyinin, innovasiya mərkəzlərinin və beyin mərkəzlərinin əməkdaşlığının vacib olduğunu da vurğulayıb. O bildirib ki, peşə məktəblərində texniki bacarıqlarla yanaşı, yumşaq bacarıqların da inkişaf etdirilməsinə daha çox diqqət yetirilməlidir.