BAKI, 17 sentyabr. TELEQRAF

Əsas hədəfimiz və ambisiyamız Azərbaycanın iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır. Məqsədimiz sadəcə daha çox məhsul deyil, daha çox əlavə dəyər yaradan mal və xidmətlər istehsal etməkdir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID 2026” innovasiya festivalının açılışında çıxışında deyib.

"Buna görə də istedadın, insan amilinin rolu son dərəcə mərkəzi əhəmiyyət daşıyır. Təbii ki, bunun üçün imkan yaradan siyasət, müvafiq mühit və ekosistem də mövcud olmalıdır. Həmçinin çox aydındır ki, istedad dedikdə nəyi nəzərdə tutduğumuz, hətta savadlı və ya səriştəli işçi anlayışının özü belə danışdığımız anda dəyişir”, - deyə nazir qeyd edib.

M. Cabbarov əlavə edib ki, savadlılığın yeni tərifi texnologiya ilə çox sıx bağlıdır və texnologiyadan danışdığımız zaman, əlbəttə ki, söhbət süni intellektdən gedir:

“Yenə də Azərbaycan nümunəsində düşünürəm ki, məsələyə çox açıq yanaşmalıyıq. Dünyada bu texnologiyanı yaradanlar və ondan istifadə edənlər var. Düşünürəm ki, 2030-cu ilə qədər qarşıdakı dövr üçün əsas məqsədimiz bu texnologiyanın gətirə biləcəyi imkanlardan yüksək səviyyədə, səriştəli şəkildə istifadə edən tərəf olmaqdır".