BAKI, 18 sentyabr. TELEQRAF
Azərbaycanın 15 rayonunda modul tipli məktəb binalarının quraşdırılması üçün ümumilikdə 25 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki açıq tender elan edib.
Ehtimal olunan qiyməti 12 milyon 313 min 831 manat olan tender çərçivəsində Beyləqan, Sabirabad, Biləsuvar, Hacıqabul, İmişli və Neftçala rayonlarında 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması nəzərdə tutulub.
Balakən, Astara, Lənkəran, Qax, Zaqatala, Şəki, Lerik, Yardımlı və Cəlilabad rayonlarında isə 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması planlaşdırılır. Tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 417,50 manatdır.
Tenderlər üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 30-na təyin edilib.
Qeyd edək ki, qurum daha əvvəl Azərbaycanın 10 rayonunda 19 modul tipli məktəb binasının quraşdırılması üçün ümumi dəyəri 11,7 milyon manat olan iki tender elan edib.