BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ-nin Texas ştatının Ostin şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşı bir nəfəri güllələyərək yaralayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” şəhər rəsmilərinə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 20-də yerli vaxtla saat 13:00-a yaxın baş verib. Ostin polis rəisi Liza Devisin sözlərinə görə, ICE əməkdaşı qısa piyada təqib zamanı kişiyə atəş açıb.
Güllə yarası alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.
Ostin meri Kirk Uotson hadisənin araşdırılmasında şəhər polisinin və Texas Reyncerlərinin də iştirak etməsini istəyib. O, istintaqın yalnız ICE tərəfindən aparılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.
Hadisədə yaralanan şəxsin və atəş açan ICE əməkdaşının kimliyi açıqlanmayıb.