BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp qapalı görüşlərdə onu və administrasiyasının siyasətini açıq şəkildə müdafiə edən siyasi müttəfiqlərinin kifayət qədər olmamasından narazılığını ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Trampın yaxın çevrəsindəki mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp köməkçilərinə televiziyada onu müdafiə edən və ikinci prezidentlik dövrünün nailiyyətlərini ictimai şəkildə önə çəkən siyasi müttəfiqlərinin az olduğunu bildirib.
WSJ yazır ki, Trampın narazılığı köməkçisi Natali Harpın ona “MS NOW” telekanalında administrasiyanın fəaliyyətinin tənqid edildiyi bir neçə süjeti göstərməsindən sonra daha da artıb.
Bundan bir neçə saat sonra Tramp CNN, “MS NOW” və “Politico”nun jurnalistlərinin Ağ Evə girişinin qadağan edilməsinə göstəriş verib. Qərarın Ağ Ev əməkdaşlarının bir hissəsi üçün gözlənilməz olduğu bildirilir.
WSJ Trampın yaxın çevrəsindəki şəxslərə istinadən qeyd edir ki, prezident hakimiyyətdə ikinci müddətinin 20-ci ayında istədiyi nəticələrin hamısına nail olmadığını düşünür və bundan narazıdır.
Tramp sentyabrın 18-də CNN, “MS NOW” və “Politico”nu administrasiyası haqqında “yalan məlumatlar” yaymaqda ittiham edərək onların Ağ Evə girişini qadağan etdiyini açıqlayıb.