BAKI, 17 sentyabr. TELEQRAF

Gələcəyin İşləri və Bacarıqları” hesabatına görə, qarşıdakı dörd il ərzində yalnız insanlar tərəfindən, texnologiyanın iştirakı olmadan həyata keçirilən işlərin həcmi və sayı 50% azalacaq.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID 2026” innovasiya festivalının açılışında çıxışında deyib.

Onun sözlərinə görə, insan və texnologiyanın birlikdə iştirak etdiyi işlərin sayı isə 50% artacaq:

"Yalnız texnologiya tərəfindən həyata keçirilən, başqa sözlə, avtomatlaşdırılmış işlər isə baza göstəricisinə nisbətən 4 faiz artacaq. Bu göstəricinin 30%-dən 34%-ə yüksələcəyi proqnozlaşdırılır. Yəni mütləq ifadədə 4 faiz, baza göstəricisi 30% götürüldükdə isə 10% artım deməkdir", - deyə nazir qeyd edib.

Nazir bildirib ki, bu göstəricilər bacarıqlar və istedad barədə təsəvvürlərin dəyişdiyini göstərir:

"Bacarıqlardan, istedaddan danışdığımız zaman söhbət yalnız klassik bacarıqlardan getmir. Rəqabətqabiliyyətli olmaq üçün hətta klassik oxu, yazı və riyaziyyat bacarıqlarında da müəyyən rəqabət üstünlüyü tələb olunur", - deyə o vurğulayıb.

İqtisadiyyat naziri məhsuldarlığın birbaşa ekosistemlə əlaqəli olduğunu da bildirib.

Onun sözlərinə görə, müəssisə daxilində, yurisdiksiya səviyyəsində ekosistem və əlaqəlilik məhsuldarlıq baxımından mühüm rol oynayır.

"Azərbaycan inkişafın elə mərhələsini tamamlayıb ki, zəruri makroiqtisadi və makromaliyyə göstəriciləri, suveren ehtiyatlar və gələcək iqtisadi istiqamətin proqnozlaşdırılması məsələləri böyük ölçüdə müəyyənləşib.

Bu isə bizi keyfiyyət baxımından üstün tərəflərimizdən yararlana biləcəyimiz mövqeyə gətirir", - deyə nazir bildirib.

O əlavə edib ki, Azərbaycanın təbii olaraq aid olduğu Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ümumi artan kapitalizasiyası, bu ölkələrin müstəqillik əldə etməsindən sonra regionun ilk dəfə münaqişələrdən azad olması, regional və qlobal böhranlar fonunda Azərbaycanın yüksək dayanıqlılığı, eləcə də hökumətin özəl sektora daha çox fokuslanan siyasətləri mühüm amillərdir.