BAKI, 16 sentyabr. TELEQRAF

Orta Dəhliz vasitəsilə yerli məhsulların, xüsusilə mədəniyyət məhsullarının istehsal olunaraq bazara daxil edilməsi və ortaq marketinq, ortaq reklam strategiyası ilə birlikdə dəyər olaraq iqtisadiyyata qazandırılmasını təklif edirik.

Teleqraf xəbər verir ki, bunu Alternativ Tədqiqatlar Mərkəzinin (ALARM) Prezidenti Camal Akkuş Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında ikinci panel müzakirədə deyib.

O bildirib ki, burada 200 milyonluq əhalidən və 2.1 trilyonluq iqtisadi həcmdən, təxmini bunun yarısı olan 1.1 trilyon dollarlıq ixracatdan bəhs edilir.

"Burada sadəcə 1%, yaxud 3%, 5% bir rəqəmi hədəflədikdə belə, çox böyük bir rəqəmin ortaya çıxdığını nəzərə almaq lazımdır. Kənddəki kiçik kooperativlərin və ya mədəniyyət xadimlərinin, mədəniyyət daşıyıcılarının sahəsinə necə çata biləcəyimiz və bu dəhlizi oraya necə bağlayacağımız isə vacib sual yaradır. Burada qeyri-hökumət təşkilatları dövrəyə girəcək. Beyin mərkəzləri də hər biri qeyri-hökumət təşkilatıdır. Lakin bundan başqa kənd dərnəklərinə, rayondakı mədəniyyət dərnəklərinə qədər uzanan vətəndaş cəmiyyəti təşkilatlarından bəhs edirik.

Bunlar birbaşa xalqla, istehsalçı, sənətkar, istehsal mərkəzi, kooperativlə üz-üzə, bir arada olan və oradakı ehtiyacları təhlil edən qurumlardır. ​Əvvəlcə yerli istehsalçını yerli kooperativlərlə, orta miqyaslı kooperativ və istehsalçılarla, paylayıcılarla görüşdürəcəyik. Daha sonra ortaq platforma, ortaq bazar, ortaq reklam sahəsi və rabitə şəbəkəsi ilə birlikdə bu Orta Dəhlizdəki böyük bazara inteqrasiya olunmasını təmin edəcəyik", - o vurğulayıb.