BAKI, 18 sentyabr. TELEQRAF
25–26 sentyabr tarixlərində Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçiriləcək Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunacaq.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar müzakirə olunacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və iqtisadi imkanların genişləndirilməsi baxımından mühüm beynəlxalq tədbirdir. Forum çərçivəsində konkret layihələr üzrə tərəfdaşlıqların qurulması və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmlərinin formalaşdırılması diqqət mərkəzində olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni ideya və təşəbbüslərin konkret layihələrə çevrilməsinə, xarici investorlarla əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.