BAKI, 16 sentyabr. TELEQRAF

Sənaye kooperasiyası yalnız bir hazır məhsulun birgə istehsalı ilə bitməməlidir.

Teleqraf xəbər verir ki, bunu Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzinin baş direktoru və həmtəsisçisi Mirşohid Aslanov Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında ikinci panel müzakirədə deyib.

Onun sözlərinə görə, zavodlar elə əlaqələndirilməlidir ki, bir müəssisə müəyyən bir proses üzrə ixtisaslaşaraq bütün bazarlarımızdakı onlarla məhsul üçün komponent təmin edə bilsin:

"Təhlillərimizə əsasən, istənilən maşının, yəni nasos, sürətlər qutusu, transformator və ya traktorun 55%-dən 75%-dək hissəsi eyni 5 prosesdən ibarətdir. Əməkdaşlıq etməsək, bir ölkədə təkbaşına düzəldilən məhsul Çində istehsal olunandan daha baha başa gələcək. Lakin Özbəkistan üçün nasos korpusu, Qazaxıstan üçün sürətlər qutusu, Azərbaycan üçün klapan korpusu, Qırğızıstan üçün traktor hissələri tökən bir sexi işlətmək ciddi müqayisəli üstünlük yaradacaq. Eyni yanaşma alət mərkəzlərinə və sertifikatları bütün TDT üzvləri tərəfindən qəbul edilən akkreditə olunmuş sınaq mərkəzinə də aiddir. TDT çərçivəsində vahid sertifikatın tətbiqi çox mühüm təşəbbüsdür. Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Türkmənistan hər il birlikdə 35 milyard dollardan çox maşınqayırma və elektrik avadanlığı idxal edir. Milli bazarlara ayrı-ayrılıqda baxdıqda bu tələbat ixtisaslaşmış zavodlar üçün kiçikdir, lakin birləşdirildikdə müəssisələri saxlayacaq qədər böyük həcm yaradır".

O vurğulayıb ki, eyni prinsip dövlət satınalmalarına da aiddir:

"Gömrük məlumatları keçən il nə aldığımızı, satınalma planları isə dövlətlərimizin növbəti 3 ildə nə alacağını göstərir. Zavodlarımız bu planları görə bilməlidir. Başlıca məqsəd zavodlarımızın bir-biri ilə birbaşa ünsiyyət qurmasını və inteqrasiya olunmasını təmin etməkdir".