BAKI, 9 sentyabr. TELEQRAF

Bakı Xəzərin qərb sahilində Avropaya çıxış imkanı yaradan yeganə qapı və limandır. Çox böyük inkişaf potensialına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Wei deyib.

“Biz Azərbaycan Dəmir Yolları və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu gün səhər Rövşən Rüstamovla əlaqəli məsələlər barədə müzakirələr apardım. İlk növbədə, üç əsas qovşaqdan ibarət sistemimizi daha da qərbə doğru genişləndirərək Azərbaycan Dəmir Yolları və Bakı Limanı sistemi ilə səmərəli əlaqələndirməliyik.

Eyni zamanda, böyük məlumat dəhlizinin yaradılması istiqamətində iş aparırıq. Hazırda Xorqos və Lianxuo arasında məlumat kanalı artıq formalaşdırılıb və fəaliyyətə başlayıb. Üç əsas qovşaq arasında məlumat mübadiləsinin yaradılması da sabit şəkildə irəliləyir.

Biz həmçinin məlumat sistemimizi qərbə doğru genişləndirərək Bakı Limanı ilə sabit məlumat mübadiləsi sistemi yaratmağa ümid edirik. Niyyətimiz Lyanyunqan Limanı ilə Bakı Limanı arasında əməkdaşlığın yalnız imzalanmış sənədlər, memorandumlar və sazişlərlə məhdudlaşmaması, praktiki nəticələr verməsidir. Lyanyunqan Limanının resurs və imkanlarına əsaslanan logistika məhsullarını inkişaf etdirəcəyik. Bu marşrut üzrə konteyner qatarlarını tədricən “Xorqos – Şərq Qapısı” Quru Limanı və “Aktau Beynəlxalq Konteyner Qovşağı” vasitəsilə daha da qərbə göndərəcəyik.

Daha sonra konteynerlər gəmilərə yüklənəcək və Bakı Limanına çatdırılacaq. Ümumilikdə, bizim belə bir inkişaf planımız var”, - deyə Jiang Wei əlavə edib.