BAKI, 7 sentyabr. TELEQRAF

Azərbaycan bərpa olunan enerji gücünü genişləndirməyə davam etdikcə, rəqəmsal texnologiyalar, proqnozlaşdırma, ağıllı şəbəkə həlləri və məlumatlara əsaslanan sistem idarəetməsi daha böyük əhəmiyyət kəsb edəcək.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin direktoru Cavid Abdullayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında 2-ci panel sessiyada çıxışında deyib.

O bildirib k, rəqəmsallaşma enerji keçidinin əsas çağırışlarından birini həll etməyə kömək edə bilər:

"Amma yalnız milli transformasiya kifayət etməyəcək. Azərbaycan üçün mühüm məsələrdən biri regional əməkdaşlıqdır. Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasındakı coğrafi mövqeyi daha geniş regionda bərpa olunan enerji resurslarını, bazarları və infrastrukturu əlaqələndirmək imkanı yaradır.

Bu səbəbdən baxışımız yalnız ölkə daxilində yaşıl elektrik enerjisi istehsal etməklə məhdudlaşmır. Biz bərpa olunan elektrik enerjisinin sərhədlərarası ötürülməsinə imkan verəcək yaşıl enerji koridorlarının yaradılması istiqamətində regional tərəfdaşlarımızla birlikdə işləyirik. Yaşıl enerji əlaqələrini Xəzər dənizi vasitəsilə şərq istiqamətində də genişləndirmək üzərində işləyirik. Türkiyə ilə də əlaqələri gücləndiririk".