BAKI, 9 sentyabr. TELEQRAF
Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs dələduzluqla üzləşib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, “Aysun” gözəllik salonunun sahibi Namiq birmərtəbəli tikilini ikimərtəbəli kimi layihələndirməklə adına sənədləşdirmək istəyib və niyyətini tanışı Xanoğlana deyib.
Xanoğlan bu işi görəcəyi adıyla ona yalan vəd verib və 5 min manatını alıb.
Daha sonra o, Şirvan şəhərində “Köhnə şəhər” adlanan ərazidə 380 kvadrat metrlik obyekti Namiqin adına sənədləşdirəcəyinə dair yalan vəd verməklə 20 min, şəhərdəki nazirliklərdən birinə məxsus torpağı və həmin torpağın içində olan tikililəri onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verməklə 53 min manatını alıb.
Xanoğlanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Xanoğlan özünü qismən təqsirli bilib, bildirib ki, bizneslə məşğul olub, sahibkarlıq fəaliyyəti var, şirkət direktorudur:
“Namiqi 2018-ci ildən tanıyıram. Onun Şirvan şəhərində “Aysun” adlı birmərtəbəli obyekti var. Namiq obyektini iki mərtəbə etdirmək istədiyini bildirdi. Ona bununla bağlı layihə hazırlaya billəcəyimi, sənədləşmə işlərini Vilayət adlı tanışımın aparacağını söylədim. Bir həftəyə layihəni hazırladım. Namiqə dedim ki, 5000 manat lazımdır, həmin pulu Vilayətə verəcəm ki, layihə rəsmiləşsin”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin sentyabr ayında Namiqdən Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayının qarşısında 5000 manat alıb: “Vilayət obyekt layihəsini qeydiyyatdan keçirə bilmədi, pulu da geri qaytarmadı”.
Xanoğlan bildirib ki, 2021-ci il tarixdə Namiq “Köhnə şəhər” deyilən ərazidə yerləşən obyekti adına özəlləşdirmək üçün ona müraciət edib: “Namiqə özəlləşdirmə üçün 20 min manat lazım olduğunu bildirdim. 2021-ci ilin avqust ayında 15000 manat, bir neçə gün sonra 5000 manat olmaqla, ümumilikdə 20000 manatı “Ay İşığı” restoranında Namiqdən aldım. Pulu Bakı şəhəri, Nizami rayonunda Vilayətə verdim və birlikdə Əmlak Komitəsinə getdik. Vilayət işin qısa müddətdə həll olacağını bildirdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Namiq ona Şirvan şəhərində yerləşən torpaq sahəsi və həmin ərazidə olan tikilini adına özəlləşdirmək istədiyini bildirib: “Namiqə Yusif adlı şəxsin ərazini və onun daxilindəki tikilini adına özəlləşdirə biləcəyimi bildirdim. İş 53000 manata başa gələcəkdi”.
Zərərçəkmiş Namiqin sözlərinə görə, “Aysun” gözəllik salonu ona məxsusdur: “Tikili 1 mərtəbədən ibarət olub, gözəllik salonunun 2 mərtəbə etmək istəmişəm. 2018-ci il sentyabr ayında Xanoğlanla obyektinin qarşısında görüşdük. Ona 5000 manat verdim. Salonun sənədləşdirilməsi uzun müddət yubandı”.
Zərərçəkmiş ifadəsində digər sənədləşmə işlərinin görülməsi üçün sonrakı illərdə Xanoğlana müxtəlif məbləğlərdə pul verdiyini deyib.
Təqsirləndirilən şəxs bildirib ki, ümumilikdə Xanoğlana 78.000 manat verib: “O, müxtəlif bəhanələr gətirərək dedi ki, narahat olmayım, bütün işləri qaydasına qoyacaq. Xanoğlanın məni aldatdığını, dələduzluq etdiyini başa düşüb, 2024-cü ili aprel ayında polis şöbəsinə müraciət etdim. Hazırda məndən alınmış 78.000 manat puldan 39.000 min manatı qaytarılıb”.
İş üzrə şahid qismində ifadə verən İlqar Abbasov bildirib ki, inşaatla bağlı layihələrin sənədləşdirilməsi ilə məşğuldur: “Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə işləmişəm. Xanoğlanla məni sinif yoldaşım tanış edib. 2021-ci ildə onunla “Şərq Bazarı”nın yanında görüşdük. O, Vilayətlə yanıma gəlmişdi, məndən layihə sənədləşdirilməsi ilə bağlı kömək istədi, obyekt və ərazisini özəlləşdirmək istədiyini bildirdi. Bu məsələni həll edə bilməyəcəyimi söylədim, Yusifi ona nişan verdim. Bundan sonra Xanoğlanı görmədim”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Xanoğlan 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Həmçinin zərərçəkmiş şəxsin mülki iddiası baxılmamış saxlanılıb. Ona izah edilib ki, təqsirləndirilən şəxsə qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var.