BAKI, 9 sentyabr. TELEQRAF

Orta Dəhliz ölkələri arasında gələcək inkişafı və koordinasiyanı təmin etmək üçün İllik Liman Administrasiyaları Dəyirmi Masası yaradıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli deyib.

“Mən bütün iştirakçılara liman administrasiyalarının iştirakı ilə İllik Liman Administrasiyaları Dəyirmi Masasının yaradılmasını təklif edirəm.

Dəyirmi Masa çərçivəsində illik irəliləyişlərin nəzərdən keçirilməsi və müxtəlif istiqamətlər üzrə texniki işçi qruplarının yaradılması vacibdir. Bu işçi qrupları əməliyyat məsələləri, biznesin inkişafı, koordinasiya və rəqəmsallaşma istiqamətlərində fəaliyyət göstərə bilər”, - deyə o əlavə edib.