BAKI, 7 sentyabr. TELEQRAF

Azərbaycanda 2027-ci ilin yanvar ayından etibarən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması məcburi olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada bildirib.

O qeyd edib ki, ölkənin enerji siyasətində əsas yanaşma dəyişərək təkcə "nə qədər enerji istehsal edə bilərik" sualına deyil, həm də "istehsal olunan enerjidən necə səmərəli istifadə edə bilərik" prinsipinə əsaslanır:

“Mövcud binalarda enerjiyə qənaət edilməsi və şəhərsalma sahəsində enerji səmərəliliyinin binanın ilkin layihələndirilmə mərhələsindən tətbiqi uzunmüddətli iqtisadi və ekoloji səmərə verəcək, karbon-qaz emissiyalarının azaldılmasına və istehlakçıların xərclərinin optimallaşdırılmasına xidmət edəcək”.