BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanın Xəzər dənizindəki limanlarla — Qazaxıstan və Türkmənbaşı limanları ilə çox yaxşı münasibətləri var. Bakı limanının ticarət dövriyyəsinin 90 faizindən çoxu Qazaxıstan və Türkmənistan limanları arasında həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli deyib.

“Dəmir yollarını nəzərə alsaq, burada Şərq-Qərb dəhlizi mühüm rol oynayır. Qərb istiqamətində Gürcüstan, şərq istiqamətində isə Türkmənistan və Xəzər dənizi yerləşir. Orta Dəhlizdə Qazaxıstan Dəmir Yolları, Azərbaycanda isə Azərbaycan Dəmir Yolları nəqliyyat və logistika sektorunda, xüsusilə Şərq-Qərb dəhlizinə xidmət göstərilməsində əsas və həlledici rol oynayır”, - deyə X. Həsənli bildirib.