BAKI, 8 sentyabr. TELEQRAF

İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında qeyd edilib.

Məlumata görə, cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay isə 12,1% artıb.

2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2% artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1% artaraq 255,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9% artaraq 987,8 milyon ABŞ dollarına bərabər olub.