BAKI, 7 sentyabr. TELEQRAF

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Azərbaycanda inklüziv və çoxfunksiyalı ictimai məkanların yaradılmasını dəstəkləyəcək.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Teleqraf-a açıqlamasında bildirib.

Anna Soave qeyd edib ki, UN-Habitat Azərbaycanda iqlimə uyğunlaşma layihəsi çərçivəsində inklüziv ictimai məkanların yaradılmasını təşviq edəcək:

“Xüsusilə Bakıda Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində hər kəs üçün əlçatan parkın yaradılması nəzərdə tutulur. Parkda güclü yağışların təsirini azaltmaq və suyu toplamaq üçün təbiət əsaslı həllər tətbiq olunacaq. Toplanan sudan yay aylarında suvarma və sərinləşdirmə məqsədilə istifadə ediləcək”.

Anna Soave əlavə edib ki, UN-Habitat Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ölkənin milli şəhərsalma siyasətinin hazırlanması çərçivəsində də əlçatanlıq, inklüzivlik və təhlükəsizlik məsələlərinə diqqət yetirəcək:

“İctimai məkanların əlçatanlığı və inklüzivliyi şəhərlərdə bütün vətəndaşların həyat keyfiyyətinin təmin edilməsini qarşısına məqsəd qoyan dizaynerlər, şəhərsalma mütəxəssisləri və qərar qəbul edən şəxslər üçün prioritet olmalıdır”.