BAKI, 9 sentyabr. TELEQRAF

“Heç kimin fikir ayrılıqlarını düşmənçiliyə və cəmiyyəti bölmək üçün vasitəyə çevirmək hüququ yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Joqorku Keneşin iclasında deyib.

Dövlət başçısı qırğızları birliyi qorumağa və sosial fərqlərin qarşıdurmaya çevrilməsinin qarşısını almağa çağırıb.

O bildirib ki, Qırğızıstanın ən böyük sərvəti sülh, milli birlik və milli sabitlikdir.

Sadır Japarov ölkənin tarixində siyasi qarşıdurma, sosial bölünmə və qeyri-sabitlik dövrlərinin olduğunu xatırladaraq, bundan dərs çıxarmağa çağırıb:

“Bölgə, dil, iqtisadiyyat, sosial məsələlər, tarix, mədəniyyət və digər mövzulara dair fərqli baxışlar ictimai həyatın təbii hissəsidir. Amma heç kimin fikir ayrılıqlarını düşmənçiliyə, müzakirələri qarşıdurmaya və ya müxtəlif məsələləri cəmiyyəti bölmək üçün alətlərə çevirməyə haqqı yoxdur”.

O, parlament üzvlərinə, ictimai xadimlərə, ekspertlərə, jurnalistlərə və bloqerlərə müraciət edərək, onlara ictimai açıqlamalarına görə məsuliyyət daşıdıqlarını xatırladıb.

Japarov vurğulayıb ki, həssas məsələləri qəsdən kəskinləşdirməklə və əhalinin bir hissəsini digərinə qarşı qoymaqla siyasi xal qazanmaq cəhdləri qəbuledilməzdir: “Gəlin vahid cəmiyyət olaraq birləşək və birlikdə, birlik içində yeni vahid Qırğızıstan quraq”.