BAKI, 9 sentyabr. TELEQRAF

Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə bağlı Bakı Limanında texniki problemlər müşahidə edilmir.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı Limanında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir:

“Yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilmişdi. Artıq tenderin nəticələrini qiymətləndiririk. Yaxın günlərdə artıq yekun müqavilənin şərtlərinin razılaşdırılması nəzərdə tutulur və düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq”.

E. Salahov əlavə edib ki, prosesin bir il yarım davam edəcəyi nəzərdə tutulub:

“Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirlərini həyata keçirmişik. Bu qabaqlayıcı tədbirdir və hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda gəmi qəbulu ilə bağlı maneələr müşahidə olunmur”.