BAKI, 9 sentyabr. TELEQRAF
“Ölkənin inkişafına mənfi təsir göstərən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.
Teleqraf xəbər verir ki, bunu Joqorku Keneşin iclasında Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Dövlət başçısı cəmiyyətdə sabitliyi qəsdən pozan və vətəndaşları çaşdıran şəxslərlə bağlı tədbirlər görülməsinin zəruriliyini qeyd edib.
Japarov ictimai xadimləri, deputatları, ekspertləri, jurnalistləri və bloqerləri ictimai çıxışlarına məsuliyyətlə yanaşmağa çağırıb.
O qeyd edib ki, internetin sürətli inkişaf etdiyi bir dövrdə yoxlanılmamış məlumatların yayılması ciddi problemə çevrilir: “Dövlətin inkişafına mane olanları, xüsusilə korrupsiyaya qarışan şəxsləri amansızcasına cəzalandıracağıq”.
Qırğızıstan lideri demokratiyanı məsuliyyətsiz davranışa bəraət qazandırmaq üçün bəhanə kimi istifadə etməyin yolverilməz olduğunu vurğulayıb: “Belə şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.
Sadır Japarov qurucu təşəbbüslərin dəstəklənməsinə, asayişi pozan və cəmiyyətdə sabitliyi pozmağa çalışan şəxslərin isə məsuliyyətə cəlb edilməsinə çağırıb.